Nizamnamə

«Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası» İctimai Birliyinin nizamnaməsi

1. ÜMUMİ  MÜDDƏALAR

1.1. «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası» İctimai  Birliyi (bundan sonra «Assosiasiya» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan icimai qeyri-hökumət təşkilatıdır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.2. Assosiasiya fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, həmçinin bu Nizamnamə əsasında qurur.

1.3. Assosiasiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirildiyi andan hüquqi şəxs statusu qazanır. Assosiasiyanın müstəqil balansı, möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri var.

1.4. Assosiasiya öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

1.5. Assosiasiyanın təsisçilərinin (iştirakçılarının) Assosiasiyaya verdikləri əmlak Assosiasiyanın mülkiyyətidir. Assosiasiya bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Assosiasiyanın iştirakçılarının assosiasiyanın mülkiyyətinə verdikləri əmlaka hüquqlarını saxlamırlar.
Onlar Assosiasiyanın öhdəlikləri üçün məsuliyyət daşımırlar.

1.6. Assosiasiya yerləşdiyi yer: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40.

2. ASSOSİASİYANIN MƏQSƏD VƏ  VƏZİFƏLƏRİ

2.1. Assosiasiyanın məqsədi ölkə üzrə minadan zərərçəkənləri və onların ailə üzvlərini vahid qurum ətrafında birləşdirməklə, onların hüquqi  müdafiəsinin təmin edilməsi, sosial-iqtisadi, tibbi-psixoloji reabilitasiyasının  gücləndirilməsi, bilik və bacarıqlarını artırırılması yolu ilə  vətəndaş cəmiyyətinin quruculuğu prosesində fəal iştiraklarını təmin etməkdir.

2.2. Assosiasiya qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

2.2.1 Assosiasiyanın üzvlərinin peşə və ixtisasını  artırmaq, onların müxtəlif sahələrdə bilik və bacarıqlarını   təkmilləşdirməklə məşğuliyyətlərini təmin etmək;
2.2.2. Minadan zərəçəkənlər və onların ailə üzvlərinin problemlərinin həlli üçün müvafiq komissiyalar yaratmaq,  sorğular keçirmək və təhlillər aparmaq;
2.2.3.  Yerli özünüidarəetmə, icra və qanunvericilik  hakimiyyətləri, yerli və beynəlxadq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək;
2.2.4.  Müxtəlif seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək;
2.2.5. Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək;
2.2.6. Assosiasiya qanunla qadağan olmayan digər fəaliyyət növləri və formalarını bu Nizamnamədən  irəli gələn başqa vəzifələri həyata keçirə bilər.

2.3. Assosiasiya Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

2.4. Assosiasiya Azərbaycan Respublikasının qanunlarında və öz Nizamnaməsində nəzərdə tutulmuş qaydada qanunvericiliyin təkmilləşdirilməsi haqqında təkliflərlə  çıxış edə bilər.

3.  ASSOSİASİYANIN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. Assosiasiyanın təsisçiləri  hüquqi şəxs kimi  Beynəlxalq Avrasiya Mətbuat Fondu və fiziki  şəxs olan Hətəmli Baxşeyiş Abbas oğludur.

3.2. Asossiasiyanın təsisçiləri bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilir.

3.3. Asossiasiyanın üzvləri minadan zərəçəkənlər, onların ailə üzvləri, həmçinin Assosiasiyanın işinə yardımçı olan digər fiziki və ya hüquqi şəxslər ola bilərlər.

3.4. Assosiasiyaya üzvlük İdarə Heyəti tərəfindən həyata keçirilir. Assosiasiyaya üzv olmaq istəyən şəxs İdarə Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə təqdim edildiyi gündən 1 ay müddətində baxılır və  İdarə Heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə, ərizəçi Assosiasiyanın üzvü qəbul edilir.

3.5. Assosiasiya üzvləri bərabər hüquqlara malikdirlər. Assosiasiya üzvünün aşağıdakı hüquqları var:

3.5.1. Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
3.5.2. Assosiasiyanın hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçilmək və ya həmin orqanlarda təmsil olunmaq;
3.5.3. Assosiasiyanın fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
3.5.4. Assosiasiyanın rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
3.5.5. Özünün hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Assosiasiyaya müraciət etmək;
3.5.6. Özünün hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində iştirak etmək, Assosiasiyanın müvafiq orqanlarına etirazını bildirmək və  ya şikayət etmək.

3.6. Assosiasiyanın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.6.1. Assosiasiyanın Nizamnaməsinə əməl etmək;
3.6.2. Assosiasiyanın seçkili orqanlarının qərarlarını  yerinə yetirmək;
3.6.3. Assosiasiyanın tədbirlərində iştirak etmək.

3.7. Assosiasiyanın üzvü Assosiasiyanın işində fəal iştirakına görə Assosiasiyanın  təltif və mükafatlarına layiq görülə bilər.

3.8. Assosiasiyanın üzvlüyünə aşağıdakı hallarda  xitam verilə bilər:

3.8.1. Assosiasiya ləğv edildikdə;
3.8.2. Könüllü olaraq  Assosiasiyanın üzvlüyündən çıxdıqda;
3.8.2. Assosiasiya üzvlüyündən çıxarıldıqda;

3.9. Assosiasiyanın üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

3.9.1. Assosiasiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
3.9.2. Mütəmadi olaraq Assosiasiyanın işində iştirak etmədikdə;
3.9.3. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

3.10. Assosiasiyaya üzvlükdən çıxarılma barədə qərarı İdarə Heyəti qəbul edir. Qərar o vaxt səlahiyyətli hesab edilir ki, yığıncaqda İdarə Heyətinin üzvlərinin 3/4-ü iştirak etmiş və qərarın lehinə iştirak edənlərin 3/4-ü səs vermiş olsun.

3.11. İdarə Heyətinin qərarı çıxarıldıqdan sonra 10 gündən gec olmayaraq Assosiasiyaya üzvlüyündən çıxarılmış  şəxsə təqdim olunmalıdır.

3.12. Assosiasiyanın üzvlüyündən çıxarılma barədə İdarə Heyətinin qərarını alan şəxs, qərarı aldığı andan 1 ay müddətində Assosiasiyanın Nəzarət Təftiş Komissiyasına şikayət verə bilər.

3.13. Assosiasiyanın üzvünün Assosiasiyanın üzvlüyündən kənarlaşdırılmış şəxsin məhkəməyə mürajiət etmək  hüququ vardır.

3.14. Assosiasiyanın köməkçilərinə müvafiq olaraq Assosiasiyanın fəaliyyətində iştirak etməklə, öz münasibətlərini Assosiasiya ilə təşkilati cəhətdən rəsmiyyətə salmadan ona müxtəlif kömək və ya xidmətlər göstərməklə Assosiasiyanı dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir.

3.15. Assosiasiyanın köməkçiləri Assosiasiyanın idarə orqanlarının işində məşvərətçi səs hüququ ilə iştirak edə bilərlər.

4. ASSOSİASİYANIN TƏŞKİLATİ  STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

4.1. Assosiasiyanın ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Növbəti ümumi yığıncağın çağırılması barədə İdarə heyətinin qərarı, ümumi yığıncağın yeri və vaxtı, yığıncağın müzakirəsinə verilməsi nəzərdə tutulmuş məsələlər barədə Assosiasiyanın üzvlərinə ən azı 2 həftə əvvəl məlumat verilməlidir.

4.2. Növbədənkənar ümumi yığıncaq Assosiasiyanın İdarə Heyətinin və ya üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırıa bilər.

4.3. Ümumi  yığıncağın müstəsna səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

4.3.1. Assosiasiyanın Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
4.3.2. Assosiasiyanın əmlakının formalaşdırma və istifadə prinsiplərinin müəyyən edilməsi;
4.3.3. Assosiasiyanın icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
4.3.4. Assosiasiyanın illik hesabatının təsdiq edilməsi;
4.3.5. Assosiasiyanın yenidən təşkili və ləğv edilməsi.

4.4. Ümumi yığıncaq Assosiasiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.5. Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səsçoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, təşkilatın ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

4.6. Assosiasiyanın cari fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir. İdarə  Heyətinin say tərkibini  ümumi yığıncaq müəyyən edir.

4.7. İdarə Heyəti Assosiasiyanın İdarə Heyətinin sədrindən, onun müavinlərindən və digər  üzvlərindən ibarətdir.

4.8. İdarə   Heyətinin     yığıncaqları   ayda  bir dəfədən   az olmamaq şərtilə Assosiasiyanın İdarə Heyətinin sədri tərəfindən çağırılır.

4.9.  İdarə Heyəti:

4.9.1. Assosiasiya üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
4.9.2. Assosiasiyanın İdarə Heyəti sədrin  təqdimatı əsasında Assosiasiyanın İcraçı direktorunu təyin edir;
4.9.3. Assosiasiyanın İcraçı direktorunu səlahiyyətlərini və müddətini müəyyən edir;
4.9.4.  Assosiasiyanın komitə və departamentlərini yaradır;
4.9.5.  Assosiasiyanın filial və nümayəndəliklərinin yaradılması məsələsini həll edir;
4.9.6. Assosiasiyanın başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

4.10. İdarə Heyətinin yığıncaqlarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səsvermə zamanı Assosiasiyanın İdarə Heyətinin sədri sonda səs verir. İdarə Heyətinin yığıncaqları onun üzvlərinin yarıdan çoxu iştirak  etdikdə  səlahiyyətlidir.

4.11. Assosiasiyanın İdarə Heyətinin sədri, onun müavinləri və digər üzvlərinin səlahiyyət müddəti 4 ildir.

4.12. İdarə Heyətinin yığıncaqlarına və Assosiasiyanın cari fəaliyyətinə  Assosiasiyanın İdarə Heyətinin sədri rəhbərlik edir.

4.13. Assosiasiyanın İdarə Heyətinin sədri ümumi yığıncaqda  gizli səsvermə yolu ilə 4 il müddətinə (yenidən  seçilmək hüququ ilə) seçilir. Assosiasiyanın İdarə Heyətinin sədri öz fəaliyyəti ilə bağlı ümumi  yığıncaq qarşısında hesabat verir.

4.14. Assosiasiyanın İdarə Heyətinin sədri:

4.14.1. Vəkalətnaməsiz Assosiasiyanı təmsil edir, İdarə Heyətinin müsbət rəyini almaqla Assosiasiyanın adından müqavilələr bağlayır, pul vəsaitləri də daxil olmaqla Assosiasiyanın əmlakı üzərində sərəncam verir;
4.14.2. İdarə Heyətinin işinə rəhbərlik edir;
4.14.3. İdarə Heyətinə Assosiasiyanın İcraçı direktorunun təyin edilməsi üçün təqdimat verir;
4.14.4. İdarə Heyətinin razılığı ilə öz səlahiyyətlərini tam və ya qismən Assosiasiyanın İcraçı direktoruna həvalə edir;
4.14.5. Assosiasiyaynın cari fəaliyyətinə  aid məsələlər üzrə əmr  və sərəncamlar verir;
4.14.6.  Ümumi yığıncağın üzərinə  qoyduğu başqa funksiyaları həyata keçirir.

4.15. Assosiasiyanın İcraçı direktoru Assosiasiyanın İdarə Heyəti sədrinin verdiyi təqdimat əsasında İdarə Heyəti tərəfindən təyin edilir. Assosiasiyanın İcraçı direktorunu səlahiyyətləri və müddəti Assosiasiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.

4.16. Assosiasiyanın Nəzarət Təftiş Komissiyası Assosiasiyanın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Assosiasiyanın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK-nın say tərkibini ümumi yığıncaq müəyyən edir.

4.17. NTK üzvlərinin səlahiyyət müddəti 4 ildir.

4.18. NTK-nın fəaliyyəti «Assosiasiyanın NTK-sı haqqında» Əsasnamə ilə tənzimlənir.

4.19. Assosiasiyanın üzvləri, İdarə Heyəti səlahiyyət verdikdə, Assosiasiyanın adından çıxış edə bilər.

5. ASSOSİASİYANIN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

5.1. Assosiasiya Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və
təşkilatın Nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

5.2. Assosiasiya əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Assosiasiya:

5.2.1. Təşkilatın yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışını həyata keçirir;
5.2.2. Qiymətli kağızlar, əmlak və qeyri-əmlak hüquqlarının əldə edir;
5.2.3. Əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, yoldaşlıqlarda iştirak edir;

5.3. Assosiasiyanın mülkiyyətində və ya operativ idarəsində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. Assosiasiya öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.

5.4. Assosiasiyanın əmlakının pul və digər şəkildə formalışdırma mənbələri aşağıdakılardır:

5.4.1. Könüllü əmlak haqqları və ianələri;
5.4.2. Malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxil olmalar;
5.4.3. Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
5.4.4. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
5.4.5. Qrantlar;
5.4.6. Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

6. ASSOSİASİYANIN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ

6.1. Assosiasiya Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Assosiasiyanın filial və nümayəndəliyinin təsis edilməsi barədə qərar Assosiasiyanın İdarə Heyəti tərəfindən qəbul edilir.

6.2. Assosiasiyanın filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə bilər və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.

6.3. Assosiasiyanın nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

6.4. Assosiasiyanın filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə Assosiasiya məsuliyyət daşıyır.

6.5. Filial və nümayəndəliyin rəhbərləri Assosiasiyanın İdarə Heyəti tərəfindən təyin edilir və onun tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.

7. ASSOSİASİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Assosiasiyanın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Assosiasiyanın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Assosiasiyanın fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Assosiasiyanın idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Assosiasiyanın ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Assosiasiyanın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

8. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.

8.3. Assosiasiyanın maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və 31 dekabrda başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

Şərhlər qapalıdır.