Qurulması
Azərbaycanın Tərtər Rayonunda Minadan Zərərçəkənlərin Assosasiyasının qurulması və onun fəaliyyəti
“Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosasiyasının yaradılması və onun fəaliyyəti” layihəsi ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan Olunması üzrə Hərbi-Siyasi İşlər İdarəsi tərəfindən ayrılmış S-PMWRA-06-GR-021 nömrəli qrant vəsaiti hesabına maliyyələşdirilmiş və 15 may 2006-cı ildən 15 may 2007-ci ilədək Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilmişdir. Layihənin rəhbəri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu olmuşdur.
İlk olaraq 10 may 2006-cı ildə BAMF-ın proqramlar departamenti tərəfindən aparılmış hazırlıq çərçivəsində BMM-də layihənin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, millət vəkilləri, ANAMA-nın, Azərbaycan Mətbuat Şurasının, Milli QHT Forumunun rəhbərləri, KİV nümayəndələri iştirak eymişdir.
15 may 2006-cı ildən etibarən layihənin icrasına başlanılmışdır. Layihənin icrasının hazırlıq mərhələsində işçi heyət müəyyənləşdirilmiş və onlara üç günlük təlimlər keçilmişdir. Daha sonra isə hüquq və idarəetmə, kompüter, kiçik biznesin təşkili, mina təhlükəsizliyinə dair maarifləndirmə və tibbi yardım təlimləri üzrə vəsaitlər, təbliğat-təşviqat materialları, təlim proqramları hazırlanmış və dərc olunmuşdur.
May ayının sonunda layihə rəhbəri və işçi heyət Tərtər rayonuna səfər etmişdir. Səfər çərçivəsində işçi heyətin yerləşmə və təchizat məsələləri həll edilmiş, yerli icra strukturları və minadan zərərçəkənlərlə görüşlər keçirilmiş, onlara “Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosasiyasının yaradılması və onun faaliyyəti” layihəsinin məqsəd və məramı açıqlanmışdır. Layihənin hazırlıq mərhələsində minadan zərərçəkənlərin sayı müəyyənləşdirilmiş, itkilərinə və zədələnmələrinə görə təsnif olunmuşlar. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, zərərçəkənlərin 11 nəfəri I qrup əlil, 87 nəfəri II qrup əlil və 6 nəfəri isə III qrup əlilidir. Minadan zərərçəkənlərin 31 nəfəri ali təhsillidir və onlardan bir nəfəri elmi işlə məşğul olur. 30 nəfər orta ixtisas təhsilli, 161 nəfər orta təhsilli və 4 nəfər isə natamam orta təhsilllidir.
Layihənin icrası zamanı işçi heyətlə birgə 10 nəfər minadan zərərçəkəndən ibarət təşəbbüs qrupu yaradılmışdır. Layihənin sonunda yaradılacaq mnadan zərərçəkənlərin assosasiyasının idarə olunmasını təmin edəcək qrupun tərkibinə seçim aparılarkən Tərtər rayonu ilə yanaşı ətrafda məskunlaşmış Kəlbəcər, Ağdam, Füzuli, Ağdərə, Şuşa, Laçın və digər rayonlardan olan minadan zərərçəkənlərə də müraciət olunmuşdur. Təşəbbüs qrupunun seçimi zamanı minadan zərərçəkənlərin ictimai fəallığı, yaşadıqları icmalarda malik olduğu nüfuz və mina aksiyalarında könüllü iştirak etmək arzuları nəzərə alınmışdır. Qrup üzvləri ilə əmək müqavilələri bağlanmış və təlimlərə cəlb edilmişdir.
Minadan zərərçəkənlər hüquq təlimlərində minadan zərərçəkmiş əllillərin hüquqi vəziyyəti, əlilliyin müəyyən olunması, pensiya təminatının müəyyənləşdirilməsi qaydalarını, kiçik biznes təlimlərində müxtəlif sahələr üzrə biznes planların hazırlanması, biznesin idarə olunması yolları, bazarlama və satış prinsiplərini öyrənmişlər. Eyni zamanda mina maarifləndirilməsinə dair təlimlərdə Azərbaycanda mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi mənfi nəticələrin öyrənilməsi, mina sahəsində davranış qaydaları, tibb təlimlərində ilkin tibbi yardım və komputer təlimlərində isə komputer qurgusunun əsas anlayışları minadan zərərçəkənlərə tədris olunmuşdur.
06 sentyabr 2006-cı ildə BAMF-ın Tərtər rayonundakı regional ofisində layihənin işçi heyətinin və təşəbbüs qrupunun üzvlərinin mina problemi ilə mübarizə proqramı çərçivəsində Azərbaycana gəlmiş ABŞ Dövlət Departamenti Silahların Ləğvi və qadağan olunması üzrə Hərbi-Siyasi İşlər İdarəsinin, Marşal İnstitutunun, Beynəlxalq İnam Fondunun, Rotari Klubun, ABŞ K9 Minatəmizləmə korpusunun, Sinxronluq Fondunun, Aurum LTD Fondunun , Armour Qrupunun, ANAMA-nın və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşü olmuşdur.
16 noyabr 2006-cı ildə ANAMA-nın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatçılığı ilə minalanmış ərazilərə baxış keçirilmişdir. Daha sonra isə təşkilat əməkdaşları Tərtər rayonunda məskunlaşan minadan zərərçəkənlərlə görüşmüş, onların problemləri ilə yaxından tanış olmuşlar. Azərbaycan Respublikasının Protez-Ortopedik Bərpa Mərkəzinin ortopedlərinin də iştirak etdiyi tədbirdə mina qurbanlarının fiziki problemləri öyrənilmiş, onların müalicəsi məsələləri, protezlərinin dəyişdirilməsi və təmiri imkanları, bu sahədə mövcud problemlər və onların həlli yolları müzakirə edilmişdir.
2007-ci ilin yanvar-fevral aylarında işçi heyət, təşəbbüs qrupunun üzvləri və 20 nəfər mina qurbanından ibarət könüllü qrupu yerli icra strukturları və sahibkarlarla görüş keçirmişdir. Daha sonra sahibkarlar ve yerli nümayəndələr minadan zərərçəkənlərin kiçik bizneslə məşğul olduqları əraziyə baxış keçirmiş, onların gördüyü işlərlə yaxından tanış olmuş və öz tövsiyələrini vermişdir. Layihənin icra planına uyğun olaraq yaradılmış minadan zərərçəkən könüllülər qrupu Şıxarx, Dəmirçilər, Seydimli, Ağkənd, Qapanlı və Cəmilli kəndlərində 10 aksiya keçirmiş, kənd sakinləri ilə görüş keçirərək mina problemləri və bu problemlərin həlli yolları barədə söhbətlər aparmışlar.
12 mart 2007-ci ildə layihənin rəhbəri, işçi heyəti və təşəbbüs qrupu üzvlərinin iştirakı ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosasiyasının (AMZA) ümumi yığıncağı keçirilmişdir. Tədbirdə hüquqi şəxs kimi BAMF, fiziki şəxs kimi Hətəmli Bəxşeyiş Abbas oğlu AMZA-nın təsisçisi elan olundu. Assosasiyanın sənədləri Azərbaycan Republikası Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim olundu və 25 may 2007-ci ildə dövlət qeydiyyatından keçdi. Layihənin sonunda isə AMZA-nın 3 illik fəaliyyət planı hazırlandı.

Şərhinizi əlavə edin