BAMF-ın regional ofisində görüş
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bu ilin iyul ayından həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihələri çərçivəsində indiyədək görülən işlərlə bağlı Tərtər rayonundakı regional ofisdə görüş keçirilib.
Tədbirdə layihələrin donor təşkilatı olan ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin qrantlar üzrə məmurunun nümayəndəsi Debora Netland, habelə Marşall İrsi İnstitutunun nümayəndəsi Elise Bejker, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Quliyev, ANAMA-nın, kütləvi informasiya vasitələrinin nümayəndələri, AMZA-nın Tərtər regional bölməsinin üzvləri, yeni layihələrin işçi heyətləri, təşəbbüs qruplarının üzvləri iştirak ediblər.
BAMF-ın sədri, layihələrin rəhbəri Umud Mirzəyev qeyd edib ki, 2000-ci ildən minadan zərərçəkənlərin problemlərinin öyrənilməsi və həlli istiqamətlərində layihələr həyata keçirən təşkilat 2006-2007-ci illərdə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəknlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» pilot layihəsini icra edib və nəticə olaraq BAMF Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasını (AMZA) təsis etmiş və yeni qurum dövlət qeydiyyatına alınmışdır. Sonra U.Mirzəyev Assosiasiyanın subqrant təşkilat kimi iştirak etdiyi «AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihələri barədə məlumat verib.
Hər iki layihə ilə bağlı keçirilən hesabat xarakterli təqdimetmə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Quliyev minadan zərərçəkənlərin problemlərinin həllinin nəinki regionda, bütövlükldə ölkədə aradan qaldırılması istiqamətində dövlətin qayğısı ilə yanaşı qeyri-hökumət təşkilatı olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun gördüyü işləri təqdir edib. Debora Netland minadan zərərçəkənlərin taleyi ilə bağlı görülən işlərdən məmnun qaldığını bildirib və qeyd edib ki, ABŞ Dövlət Departamenti bütün dünyada, o cümlədən Azərbaycanda minadan zərərçəkənlərin problemlərinin həllinə dəstək verir. Minadan zərərçəkənlər onların problemlərinin həllinə dəstək verən bütün təşkilatlara öz minnətdarlıqlarını bildiriblər.

Şərhinizi əlavə edin