BAMF nümayəndələri mina qurbanları ilə görüş keçirib

Dünən Füzuli rayonunda ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan Olunması üzrə Hərbi Siyasi İşlər İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tətər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində tədbir təşkil edilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən «Media forum»a bildiriblər ki, Horadiz qəsəsbəsində düzənlən tədbirdə BAMF-nin həyata keçirdiyi layihənin işçi heyəti, təlim qrupuna cəlb edilmiş mina qurbanları, minadan zərər çəkmiş könüllülər iştirak edib.

BAMF-nin sədri, layihənin rəhbəri Umud Mirzəyev tədbir iştirakçılarına mina problemi, Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulması tarixi və bu bəşəri fəlakətlə mübarizə sahəsində qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Minadan zərərçəkənlər qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini söyləyiblər.

Tədbirin sonunda layihə çərçivəsində təlimləri başa vuran mina qurbanlarına sertifikatlar təqdim olunub.

Şərhinizi əlavə edin