Tərtərdə 3 ədəd tank əleyhinə mina tapılıb

Tərtər rayonu Şıxarx kəndi ərazisində 3 ədəd tank əleyhinə mina aşkarlanıb. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) İcma Mina Aksiyasının əməliyyat meneceri Ramil Əziz məlumat verib. O, bizimlə söhbətində minaları orta məktəb şagirdinin gördüyünü dedi:“Şıxarx kənd orta məktəbinin şagirdi Elməddin Qarayev onlara məxsus əkin sahəsində çalışarkən yerdə iki ədəd mina görüb.

Dərhal İcma Mina Aksiyası komandasına xəbər verib. Bundan sonra İcma Mina Aksiyasının nümayəndələri Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirdi. Və bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Mili Agentliyinə (ANAMA) məlumat verildi. ANAMA-nın Çevik Əməliyyat Qrupunun hadisə yerinə gələn mütəxəssisləri əraziyə baxış keçirərkən daha bir mina aşkarladılar. Hər üç mina ANAMA-nın mütəxəssisləri tərəfindən zərərsizləşdirilərək götürüldü.” R.Əziz həmin ərazidə mina təhlükəsi ilə bağlı yerli əhali arasında maarifləndirmə işləri aparıldığını və bu faktın vaxtında aşkarlanmasını da aparılan həmin işlərin məntiqi nəticəsi olduğunu qeyd etdi.

BAMF-ın İnformasiya Departamenti

Şərhinizi əlavə edin