BAMF mina qurbanları ilə bağlı tədbir və mükafatlındarma keçirdi

“Yeni Azərbaycan”ın əməkdaşı övladının ilk əməkhaqqının yarısını minadan zərərçəkən azyaşlı uşağa bağışladı

BAMF, Bakı, 05 avq 2008 - Bu gün Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun iclas zalında Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyası (AMZA) ilə birgə “Mina qurbanları: ehtiyaclar, problemlər, vəzifələr” adlı tədbir keçirdi. Tədbiri açan BAMF sədri Umud Rəhimoğlu ABŞ Dövlət Departamentinin maliyyə dəstəyilə həyata keçirilən minadan zərərçəkənlərlə bağlı layihələrin hesabatının dinləniləcəyini, mina qurbanları haqqında hazırlanmış kitabın təqdimatının olacağının və bu insanların problemlərinə həsr edilmiş yazı müsabiqəsinin qaliblərinin elan ediləcəyini qeyd etdi. O, BAMF-ın yaranması zərurətindən, rəhbərlik etdiyi təşkilatın 2000-ci ildən mina aksiyasına qoşulmasından soz açdı: “Son illər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi istiqamətlər əsasında həm minatəmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli işlər görülüb. Beynəlxalq Avrasiya Mətbuat Fondu da 2000-ci ldən mina probleminin həlli prosesinə qoşulub. İstər minatəmizləmə, istərsə də minadan zərərçəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində BAMF tərəfindən ardıcıl olaraq layihələr həyata keçirilir”.

BAMF-ın informasiya departamentinin rəhbəri Siyab Məmmədli təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verdi: “BAMF ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyilə “Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” (2006-2007) layihəsini yerinə yetirib. Layihənin nəticəsi olaraq 2007-ci ilin mart ayında BAMF-ın təsisçiliyi ilə Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyası yaradılıb və dövlət qeydiyyatına alınıb. Ötən ilin iyul ayından 2008-ci ilin iyul ayınadək isə BAMF ABŞ Dövlət Departamentinin maliyyə dəstəyilə “AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi” və “AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi” layihələrini həyata keçirib”.

S.Məmmədlinin təqdimatından sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apardı. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Şəlalə Həsənova, ANAMA İnformasiya Departamentinin rəhbəri Əziz Əliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, müsabiqəyə yazı təqdim edən jurnalist Elçin Məmmədli tədbirlə bağlı öz fikirlərini soylədilər. Onlar BAMF-ın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirdilər.

BAMF-ın departament rəhbəri Azər Həsrət sözügedən layihələri həyata keçirən zaman aparılan tədqiqatlar əsasında nəşr edilən “Bu onların taleyidir” adlı kitabı təqdim etdi. O, redaktoru olduğu kitabda mina qurbanlarının yaşadığı faciə və onların həyatının əks etdirildiyini dedi: “Biz bütün bunları oxumalıyıq ki, problemin nədən ibarət olduğunu anlayaq. Kitabda 27 nəfər mina qurbanının hər birinin həyatından kiçik bir epizod yer alıb. Bu onların həyatında ciddi iz qoymuş qısa bir andır. Mənə elə gəlir ki, sağlam insanların hər biri bu insanlardan daha iradəli və daha dözümlü olmağı öyrənməlidir”.

Qurumun əməkdaşı Rey Kərimoğlu “Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda BAMF-ın və AMZA-nın jurnalistlər arasında reportaj və araşdırma janrları üzrə elan etdiyi müsabiqəylə bağlı bunları dedi: “İlk gündən jurnalistlər elan edilən bu müsabiqəyə böyük diqqət göstərdilər. Müsabiqənin son gününə - iyunun 20-nə qədər jurnalistlər müxtəlif qəzetlərdə 20 yazı dərc etdirdilər. Təəssüf ki, bu yazılardan 4-ü müsabiqənin qaydalarına uyğun olmadığı üçün onlardan yalnız 16-sı qəbul edildi. Azərbaycanın ən aparıcı gündəlik və həftəlik qəzetlərində çalışan jurnalistlər müsabiqədə iştirak edib. İyulun 16-da onlara təqdim olunan yazıları oxuyan münsiflər heyəti müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün sonuncu dəfə toplaşıb. Toplantıda hər bir münsifin verdiyi qiymət bir yerə toplanaraq qaliblər müəyyənləşdirilib.” O, münsiflərin hər bir yazını 1-10 ballıq cədvəl üzrə uyğunluq, əhatəlilik və peşəkarlıq baxımından qiymətləndirdiyini qeyd edərək BAMF və AMZA rəhbərliyinin jurnalistlər üçün gözlənilməz hədiyyə etdiyini də bildirdi: “Əvvəlcədən elan edilmişdi ki, müsabiqədə üç nəfər - 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri mükafatlandırılacaq. Amma son anda BAMF və AMZA rəhbərliyi jurnalistlərin müsabiqədə aktiv iştirakını nəzərə alaraq qaydalarda dəyişiklik etmək barədə qərar qəbul etdi. Mükafatların məbləği dəyişdirilmədən 2-ci yerə iki, üçüncü yerə isə üç nəfəri qalib elan etmək qərarı verdilər”.

Sonra qaliblərə mükafatlar verildi. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyası ilə birgə jurnalistlər arasında “Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda keçirdiyi müsabiqənin qalibləri və onlara verilən mükafatlar:

  • Bir 1-ci yer: Elşad Paşasoy, “Yeni Müsavat” qəzeti - diplom və 250 dollar
  • İki 2-ci yer: Lalə Musaqızı, “Mərkəz” qəzeti və Rəşad Süleymanov, “Ekspress” qəzeti - hər birinə diplom və 150 dollar
  • Üç 3-cü yer: Aynur Elgünəş, “Bizim Yol” qəzeti, Seymur Verdizadə “Reytinq” qəzeti və Məlahət Rzayeva, “Şərq” qəzeti - hər birinə diplom və 100 dollar
  • Bahar Rüstəmli, “Reytinq” qəzeti - diplom və qol saatı
  • Kəbutər Haqverdiyeva, “Yeni Azərbaycan” qəzeti - diplom və qol saatı
  • Elçin Məmmədli, “Təzadlar” qəzeti - diplom və qol saatı
  • Babək Cahandarov, “Paritet” qəzeti - diplom və qol saatı
  • Nizami Hüsyenov, “24 saat” qəzeti - diplom və qol saatı
  • Xalid Vahidoğlu, “Üç öqtə” qəzeti - diplom və qol saatı
  • Əli Rzaquliyev, “Rəsmi Bakı” qəzeti - diplom və qol saatı
  • İsa Musayev, “Vətən Səsi” qəzeti - diplom və qol saatı
  • Məmmədrza Quliyev, “Vətən uğrunda” qəzeti - diplom və qol saatı
  • Əyyub Məmmədov, “525-ci qəzet” qəzeti - diplom və qol saatı

Tədbirin sonunda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış etdi. O, BAMF-ın çox vacib iş gördüyünü deməklə bu yolda onlara uğurlar arzuladı. “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Kəbutər Haqverdiyeva isə bir ana kimi imkanlı insanlara dərs ola biləcək ibrətamiz addım atdı. O, öz ovladının ilk əməkhaqqının 50 faizini minadan zərərçəkən azyaşlı uşaq Bəxtiyar Əliyevə ayırdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Və həmin vəsaiti nəğd şəkildə BAMF nümayəndələrinə təqdim etdi.

Tədbirdə ABŞ səfirliyinin nümayəndələri Neyt Ragulis, Bəhruz Məmmədov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Nicat Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Qədimov, Ombusman aparatının təmsilçisi Müqalib Mahmudov, QHT və jurnalist təşkilatlarının rəhbərləri, nümayəndələri də iştirak ediblər.

Qeyd: Müsabiqəyə təqdim edilən bütün yazılar BAMF-ın İnternet saytının “Müsabiqə” bölməsində yerləşdirilib.

Şərhinizi əlavə edin