Minadan zərərçəkənlərlə bağlı müsabiqənin qalibləri mükafatlandırılacaq
BAMF, Bakı, 31 iyul 2008 - Xəbər verdiyimiz kimi, minadan zərərçəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma janrları üzrə elan etdiyi müsabiqə başa çatıb. İyulun 16-da onlara təqdim olunan yazıları oxuyan münsiflər heyəti müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün sonuncu dəfə toplaşıb. Toplantıda hər bir münsifin verdiyi qiymət bir yerə toplanaraq qaliblər müəyyənləşdirilib. Qeyd edək ki, onlar hər bir yazını 1-10 ballıq cədvəl üzrə uyğunluq, əhatəlilik və peşəkarlıq baxımından qiymətləndirib.
Mükafatların qaliblərə təqdim edilməsi üçün avqustun 5-də, saat 11-00-da BAMF və AMZA rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda (Ünvan: H. Cavid prospekti 31, Akademiya şəhərciyi) geniş tədbir keçirəcək.
Xatırladıq ki, müsabiqəyə ümumilikdə 20 yazı təqdim edilib. Amma onlardan reportaj və araşdırma janrına uyğun gələn 16 yazı qəbul edilərək müvafiq qaydada baxılıb.

Şərhinizi əlavə edin