Minadan zərərçəkənlərlə bağlı müsabiqənin qalibləri müəyyənləşdi

Minadan zərər çəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə elan etdiyi müsabiqənin qiymətləndirmə mərhələsi də yekunlaşdı.

Hər bir münsif üzvü yazıları 1-10 ballıq cədvəl üzrə uyğunluq, əhatəlilik və peşəkarlıq baxımından qiymətləndirib. Təqdim olunan yazıları oxuyan münsiflər heyətinin üzvləri iyulun 16-da müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün toplaşıb. Toplantıda hər bir münsifin ayrılıqda verdiyi qiymətlər bir yerə toplanaraq qaliblər müəyyənləşdirib. Qaliblərin mükafatlarının təqdim edilməsi üçün yaxın günlərdə BAMF rəhbərliyi geniş tədbir keçirməyi nəzərdə tutub. Hələlik isə qaliblərin kimliyi gizli saxlanılır.

Qeyd edək ki, münsiflər heyətinə aşağıdakı şəxslər daxil idi: Cahangir Məmmədli (İctimai TV-Radio Şurasının sədri, Bakı Dövlət Universitetinin müəllimi), Əflatun Amaşov (Azərbaycan Mətbuat Şurasının sədri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri), Əziz Əliyev (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi İnformasiya Departamentinin rəhbəri) və Azər Həsrət (Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri). Müsabiqəyə qəbul edilən işlərə subyektiv yanaşma ehtimalını aradan qaldırmaq üçün yazıların surəti münsiflər heyətinin üzvlərinə təqdim edilərkən qəzetin və müəllifin adı (varsa digər tanınma işarətləri) kəsilmişdir.

Ümumilikdə müsabiqəyə 20 yazı təqdim edilib. Amma onlardan reportaj və araşdırma janrına uyğun gələn 16 yazı qəbul edilib.

Müsabiqənin şərtlərini bir daha xatırladırıq:

  • Bu elan verilən gündən başlayaraq yazılar 20 iyun 2008-ci ilədək mətbuatda dərc olunmalı və BAMF-a təqdim edilməli;
  • Yazıların həcmi beş min işarədən çox olmalı;
  • Yazılar indiyə qədər heç bir mətbuatda dərc edilməmiş olmalı;
  • Bütün yazılarda müsabiqənin mövzusu və BAMF ilə AMZA tərəfindən keçirildiyinin qeyd olunması zəruridir.

Mükafatlar:

  • 1-ci yer 250 ABŞ dolları və diplom
  • 2-ci yer 150 ABŞ dolları və diplom
  • 3-cü yer 100 ABŞ dolları və diplom

Digər fərqlənən jurnalistlər üçün isə qiymətli hədiyyələr və diplomlar nəzərdə tutulur.

Qeyd edək ki, son illər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında həm mina təmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli işlər görülüb. Beynəlxalq Avrasiya Mətbuat Fondu da (BAMF) 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulub. İstər mina təhlükəsizliyi, istərsə də minadan zərərçəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində BAMF tərəfindən ardıcıl olaraq layihələr həyata keçirilir. Amma minanın insanların həyatına vurduğu zərbədən, onların ağrı-acılarından, demək olar ki, cəmiyyətin əksər hissəsi məlumatsızdır. Keçirilən müsabiqənin əsas məqsədlərindən biri də cəmiyyəti bilgiləndirmək, minadan zərər çəkmiş insanların problemlərini vətəndaşlarımızın diqqətinə çatdırmaqdır.

Şərhinizi əlavə edin