Minalardan zərər çəkənlərlə bağlı jurnalist müsabiqəsi elan edilib

Mina təhlükəsi olan əraziBeynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə müsabiqə elan edir. Müsabiqənin mövzusu «Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri» adlanır. Yazılar bu il iyun ayının 20-dək mətbuatda dərc olunmalı və BAMF-yə təqdim edilməlidir. Yazıların həcmi beş min işarədən çox olmalı, yazılar indiyə qədər heç bir mətbuatda dərc edilməmiş olmalı və bütün yazılarda müsabiqənin mövzusu və onu BAMF-nin keçirdiyi qeyd olunmalıdır.

Xəbərdə deyilir ki, son illər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında həm minatəmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli iş görülüb. BAMF də 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulub. İstər mina təhlükəsizliyi, istərsə də minadan zərərçəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Amma minanın insanların həyatına vurduğu zərbədən, onların ağrı-acılarından, demək olar ki, cəmiyyətin əksər hissəsi məlumatsızdır. Minadan zərərçəkən insanların yaşadıqları faciənin cəmiyyətə çatdırılması məqsədi ilə jurnalistlər arasında belə bir müsabiqəyə start verilib.

Mükafat fondu belədir:

1-ci yer - 250 ABŞ dolları və diplom, 2-ci yer - 150 ABŞ dolları və diplom, 3-cü yer - 100 ABŞ dolları və diplom.

Fərqlənən jurnalistlər üçün isə qiymətli hədiyyələr və diplomlar veriləcək.

Şərhinizi əlavə edin